İlham Məmmədzadə
İlham Ramiz oğlu Məmmədzadə (7 dekabr 1953) — Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru
İlham Ramiz oğlu Məmmədzadə 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir. 1980-ci ildə Moskva şəhərində fəlsəfə üzrə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayan İ.R.Məmmədzadə şöbə müdiri və İnstitutun direktoru vəzifəsinədək yüksəlmişdir.
F.e.d. İ.R.Məmmədzadənin elmi-tədqiqat sahəsi olduqca genişdir. O, etika, siyasi etika, bioetika, fəlsəfə tarixi, kulturologiya, politologiya kimi elmi istiqamətlər üzrə araşdırmalar aparmış və bu istiqamətdə də hal-hazırda işini uğurla davam etdirir.
İ.R.Məmmədzadə Azərbaycanda və xaricdə nəşr olunmuş 130-dan çox əsərin, o cümlədən 9 kitab və monoqrafiya, 100-dən çox məqalənin müəllifidir.
Əsərlərində ("Etikaya giriş" (2004); "Əxlaqın şərhinin təcrübəsi" (2006), "Siyasət və əxlaq" (1988), "Xeyir və Şər" (1993), "Siyasi etika" (1997) və s.) o, aksiologiyanın və əxlaq fəlsəfəsinin gözəl nümunəsini yarada bilmiş və öz mahiyyətinə görə "əxlaq-etika" vahid sisteminin fəlsəfi cəhətdən ümumiləşdirilməsi konsepsiyasını vermişdir.
Onun əxlaq və davranışların bölgüsü, müxtəlif əxlaq sistemləri haqqındakı ideyaları postsovet fəlsəfəsi və etikası tərəfindən yüksək qiymətləndirilərək qəbul edilmişdir.
İ.R.Məmmədzadə Azərbaycan fəlsəfəsində və etikasında ilk dəfə olaraq Azərbaycanda keçid dövrünün bir sıra mərhələlərinin konsepsiyalarını işləmiş və elmi ictimaiyyətə çatdırmışdır ("Vətəndaş cəmiyyəti və milli ideologiya: Azərbaycanda siyasi prosesin fəlsəfəsi" (1995), "О философии (Современные подходы: тенденции и перспективы) (2011), "Qloballaşma və müasirləşmə şəraitində fəlsəfənin aktuallığı haqqında" (2009).